17:57 Şuşanın işğalı- xəyanət haradan başladı? |
Xəyanət elə yolların minasızlaşdırılmasından başlanır Azərbaycanın Şuşa şəhərinin işğalından 19 il ötür. 8 may 1992-ci ildə Şuşa Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunub. 1992-ci il mayın 8-nə keçən gecə erməni birləşmələri Şuşa şəhərinin işğalı ilə bağlı əməliyyat keçirib. Şəhərin intensiv artilleriya zərbələrinə tutulması səhər saat 6-ya kimi davam edib. Bundan sonra düşmənin minə yaxın əsgəri üç tərəfdən Şuşaya hücum çəkib. Hücum Rusiyanın öncədən ermənilərə verdiyi 366-cı alayın 40 zirehli texnikasının dəstəyilə həyata keçirilib.
ANS PRESS Mir Şahinin 2000-ci ildə efirə getmiş "Ən yeni Tarix” verilişini qısaldılmış formada təqdim edir. Veriliş Şuşanın işğalının ildönümünə həsr olunub. Mir Şahin: Bu dəfə biz Şuşa faciəsinin başına yığışmışıq. 8 il bundan qabaq Azərbaycanın bir zamanlar qala adlandırdığı Şuşadan sonuncu dəfə çıxdıq. Bir də bu şəhərə nə vaxt qayıdacağımız barədə müəmmalı da olsa, təsəvvürümüz belə yoxdur. Nəzərə alsaq ki, 1992-ci ildə dünyaya gəlmiş uşağın artıq 8 yaşı var. 8 yaşlı bu uşaq Şuşa haqqında yalnız kitablardan və bir-iki sənədli filmdən nə isə götürüb öyrənə bilər. Bu uşağın 10 ildən sonra çağırışçı yaşına çatanda Şuşa uğrunda fəda edəcəyi canı barədə mənə də kifayət qədər şübhəli bir təsəvvür var. Beləliklə qala, itirdiyimiz ən vacib strateji yüksəklik və bəlkə də mənəvi yüksəklik, bu gün tok-şoumuzda iştirak edən iqtidar və müxalifət nümayəndələrinin fonunda. Tok-şoumuza başlayırıq. 1992-ci il may ayının 8-də Azərbaycan Respublikasının ali baş komandanı və prezidenti vəzilərini icra edən Yaqub Məmmədovu dəvət etməklə tok-şoumuz başlayır. - Yaqub müəllim o günləri necə xatırlayırsınız? -Y. M. O gün mənim həyatımda ən ağır gün olub. Mənim üçün Şuşanın işğalı bəlkə şuşalıların özündən böyük bir faciə olub. Mən ilk dəfə ermənilərin Şuşaya hücum etməsi xəbərini Tehranda təyyarə limanında eşitdim. Bu xəbəri eşidəndən sonra təcili Bakıya Prezident Aparatına gəldik. Saat 3-ün yarısında mən Şuşa ilə əlaqə yaratdım. Ondan əvvəl isə Müdafiə Nazirliyi ilə əlaqə yaratmışdım. Rəhim Qazıyev öz yerində yox idi. Şahin Musayev o vaxt baş qərargahın rəisi idi. Ondan tələb etdim ki, mənə Şuşa haqqında məlumat versin. Şahin Musayev məlumat verdi ki, heç bir narahatlığa əsas yoxdur. Deyilən xəbərlər yalandır, boş-boş hay-küydür. Qərargah rəisi mənə bildirdi ki, ermənilər Şuşaya hücum etmişdilər, biz onları geri oturtmuşuq və Şuşa bizim tam nəzarətimiz altındadır. Sonra mən Şuşa ilə əlaqə saxladım. Şuşada vəzifəli şəxslərdən indi rəhmətə gedən polis rəisinin müavini Eldəniz Quliyevlə telefonla danışdım. O, mənə çox həyəcanlı xəbərlər verdi. Eldəniz Quliyev bildirdi ki, ermənilər Şuşaya hücuma keçiblər. Onlara ciddi müqavimət göstərilmir, pərakəndəlik var. O, həmçinin bildirdi ki, ağır texnika və canlı qüvvənin bir hissəsini ayın 3-dən 4-dən etibarən Şuşadan çıxarıblar. O, məndən kömək istədi. Mən polis rəisi müavinindən Şuşanın komendantı, korpus komandiri və icra hakiminin harda olmasını soruşdum. O, mənə söz verdi ki, bir müddətdən sonra icra hakimini taparaq mənimlə calaşdıracaq. Bir müddətdən sonra mən Nizami Bəhmənovla danışdım. O da mənə vəziyyətin ağır olduğu haqda məlumat verdi. Mən bundan sonra Müdafiə Nazirliyi ilə yenidən əlaqə saxlayaraq göstəriş verdim ki, təcili olaraq Şuşaya kömək göndərilsin. Nizami Bəhmənov bildirdi ki, bizim zirehli texnikamız kifayət qədərdir, sadəcə olaraq canlı qüvvəyə ehtiyacımız var... - Üzr istəyirəm Yaqub müəllim Rəhim bəy o vaxt harada idi? Y. M. Mirşahin bəy bu çox müəmmalı bir məsələdir və bunun tarixi uzundur. Mən hesab edirəm ki, bu məsələyə indi vaxt ayırmaq lazımdır. Onu demək istəyirəm ki, həmin vaxt Rəhim Qazıyev Müdafiə Nazirliyində yox idi. Şahin Musayev mənə məlumat verdi ki, guya Rəhim Qazıyev hərbi texnika əldə etmək məqsədilə hərbi hissələrə gedib. Rəhim Qazıyevi yalnız axşam tapa bildim. Müdafiə naziri də mənə Şahin Musayevin dediklərini təkrar etdi. Bildirdi ki, Şuşaya hücum xəbəri yalandır, onlar sizə düzgün məlumat vermirlər və sair və ilaxır... O dedi ki, Şuşa işğal olunmayıb şəhər bizim nəzarətimizdədir. Ermənilər Şuşaya hücum etmişdilər, biz isə hücumu dəf etdik. - Ali baş komandan kimi sizin müdafiə nazirinə Şuşanın müdafiə tədbirləri ilə bağlı hər hansı istisna xarakterli göstərişləriniz var idimi? Y. M. Sözsüz ki, var idi. Mən özümlə bir neçə sənəd gətirmişəm. Mən Ali Sovetə sədr seçiləndə Azərbaycan ordusunun vəziyyəti acınacaqlı idi. Ayrı-ayrı pərakəndə batalyonlar mövcud idi ki, bu qüvvələr də heç kimə tabe olmurdular. Bununla əlaqədar mən mart ayının 9-da dövlət müdafiə komitəsinin icalsını keçirmişəm. Burada mən bir daha əmin olmuşam ki, müdafiə nazirləri təyin olunsa da onlara işləməyə imkan verilməyib, onlar istefaya göndərilib. Ordu isə yaradılmayıb. Biz dövlət müdafiə komitəsinin öz fəaliyyəti haqqında, onu təkmilləşdirmək yaxşılaşdırmaq haqqında qərar qəbul etmişik. Mən mart ayının 12-də fərman imzalamışam. Bundan başqa Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına müraciət etmişik. Müstəqil Dövlətlər Birliyinin rəhbərlərinə müraciət ünvanlamışıq. Dünya Ölkələri Parlament Assambleyasına”... - Bu müraciətlər Şuşa işğal olunandan əvvəl idi, yoxsa sonra? Y. M. Əvvəl də sonra da bu müraciətlər olub. Mən Ali Sovetə sədr seçiləndə respublikadakı vəziyyəti təhlil edəndə dəhşətə gəldim. Dəhşətə gəldim ona görə ki, sentyabr ayında prezidentin fərmanı olmuşdu ki, Müdafiə Nazirliyi təsis olunsun. Bundan sonra general Valeh Bərşadlı, Tacəddin Mehdiyev və Şahin Musayev müdafiə naziri vəzifəsindən istefaya göndərildilər. Mən Ali Sovetin sədri olarkən bütün bu müzakirələrdə iştirak etmişəm. O, zaman müxalifətdən olan deputatlar bu nazirləri fəaliyyətsizlikdə ittiham edərək onların istefasını tələb edirlər. Onlar Rəhim Qazıyevin müdafiə naziri təyin edilməsini təklif edirdilər. Ali Sovetin stenoqramması var bu faktdır, bunu heç kim inkar edə bilməz. Batalyonlar Rəhim Qazıyevin rəhbərliyi altında yaradılmışdı. Biz dövlət müdafiə komitəsi bu qüvvələri vahid komandanlıq altında birləşdirmək yönündə addımlar atdıq. Rəhim Qazıyevə o, nazir təyin olunandan sonra mənim tapşırığım bundan ibarət olub. M. Ş.- Hərbi hissələrdə ümumi vəziyyət haqqında sizin ali baş komandan kimi məlumatınız olurdumu? Məsələn bilirdinizmi ki, hansısa hərbi hissənin komandari müdafiə nazirinin hansısa sərəncamına etiraz əlaməti olaraq sonradan bəlkə də Azərbaycan üçün çox müqəddərati əhəmiyyətə malik bir yüksəkliyi qoyub çıxır gedir? Y. M. Şuşanın işğalınadək belə bir hadisə olmamışdı. Mən sizə onu da deməliyəm ki, may ayının 3-də mənim Şuşa ilə bağlı xüsusi sərəncamım olub. O, vaxt Milli Təhlükəsizlik Nazirliyindən mənə məlumat vermişdilər ki, ermənilər yaxın günlərdə Şuşaya hücum təşkil edə bilərlər... M.Ş.- Siz sərəncamı imzalayan gün Azərbaycanın Müdafiə Nazirliyinin yüksəkrütbəli əməkdaşlarının Xankəndidə kimlərləsə görüşü olub. Sizin bundan xəbəriniz varmı? Y. M. Xeyr, belə görüş haqqında mənim məlumatım olmayıb. Belə görüş haqqında ilk dəfə sizdən eşidirəm. M. Ş. Bizim söhbətimizdə Şuşa şəhərinin icra hakimi Nizami Bəhmənov da iştirak edir. Mən ondan soruşmaq istəyirəm sizdə belə bir məlumat varmı ki, may ayının 2-də, yaxud da 3-də Müdafiə Nazirliyinin iki əməkdaşının Xankəndidə kimlərləsə qapalı görüşü olub? N. B. May ayının 2-si, yaxud da 3-də bax bu iki günün birində Müdafiə Nazirliyinin iki yox, bir əməkdaşı 360-cı alayın komandiri ilə görüşüb. Y. M. Mən dəqiqləşdirmək istəyirəm, may ayının 1-də Rəhim Qazıyev Bakıda idi. Mən onunla şəxsən telefonla danışmışam. O vaxt Ali Soveti bir silahlı bölük ələ keçirmişdi. Mən Prezident Aparatından Rəhim Qazıyavə zəng vurdum. O, yerində idi. Mən maraqlandım ki, bu silahlı şəxsləri Ali Sovetə kim göndərib. Bundan sonra mən Abbas Abbasovu Ali Sovetə göndərdim. Sonradan Abbas Abbasov Rəhim Qazıyevlə birlikdə mənim yanıma gəldilər. Onlar dedilər ki, Xocalı deputat istintaq komissiyası Şahin Musayevi istintaqa dəvət edib. O, isə istintaqa gəlməyib. Əvəzində isə onu həbs etmək üçün Ali Sovetə bölük göndəriblər. - May ayının 1-də siz Rəhim Qazıyevlə günün hansı vaxtında əlaqə saxlamışdınız? Y. M Günün birinci hissəsində. - Ola bilərdimi ki, o günün 2-ci hissəsində Bakıda olmasın? Y. M. Mən istisna etmirəm ki, Rəhim Qazıyev günün ikinci hissəsində, yaxud da gecə başqa yerlərdə ola bilər. Bildiyinizə görə, may ayının 2-də Türkiyənin baş naziri Süleyman Dəmirəl Bakıya gəlmişdi. Rəhim Qazıyev Süleyman Dəmirəlin qarşılanma mərasimində bizimlə bir yerdə idi. Ancaq Nizami Bəhmanovda dəqiq informasiya varsa, bu başqa söhbətin mövzususudur. Ancaq gərək biz hər şeyi düzgün danışaq. Həmin günlərdə mən Rəhim Qazıyevlə təmasda olmuşam. Onunla telefon danışıqlarım olub. M.Ş, Mən tok-şou iştirakçılarına bir neçə maraqlı informasiyanı çatdırmaq istəyirəm. Bizim verilişimizdə Azərbaycanın o zamankı milli təhlükəsizlik naziri Mirhüseyn Hüseynov da iştirak etməli idi. Mən onu dəvət etmişdim. O zaman Yaqub Məmmədovun Qarabağdakı səlahiyyətli nümayəndə funksiyalarını icra edən Əlisahib Orucovu da tok-şoumuza dəvət etmişdim. Ancaq onlar bu gün bizimlə deyillər. Mirhüseyn Hüseynovun mənə cavabı çox maraqlı oldu. O, bildirdi ki, ümumiyyətlə Şuşanın işğalı ərəfəsində və ondan sonra Milli Təhlükəsizlik Nazirliyinin Şuşada elə bir ciddi fəaliyyəti olmayıb ki, Mirhüseyn müəllim gəlib bu barədə bizə məlumat versin. Sözün düzü, bu məni inandırmadı. Mən Mirhüseyn müəllimin səmimiliyinə qətiyyən inanmıram. Hesab edirəm ki, ağır döyüşlər gedən vaxtı, Şuşanın sağdan da, soldan da, öndən də, arxadan da atəşə tutulduğu vaxtı Milli Təhlükəsizlik Nazirliyinin yerli şöbəsi Şuşada fəaliyyət göstərsin. Ancaq nə üçünsə mayın 8-də ilk olaraq Milli Təhlükəsizlik Nazirliyinin yerli şöbəsi şəhəri tərk edib. Sizdə bu məlumat var idimi? Y. M. Xeyr, məndə belə bir məlumat olmayıb. Mən yenə təkrar edirəm, o vaxt Milli Təhlükəsizlik Nazirliyi mənə məlumat vermişdi ki, Şuşaya ermənilərin hücumu ehtimal olunur. Bu məlumat o zaman Dövlət Müdafiə Komitəsində müzakirəyə çıxarılıb. Mən üzümü şuşalılara tutmaq istəyirəm. Siz mənim səmimiyyətimə inanın. Sizdən çox mən maraqlıyam ki, Şuşanın işğalında günahkar olan şəxslər tapılaraq üzə çıxarılsın. Siz çox gözəl bilirsiniz ki, Şuşanın işğalı ilə bağlı mənim siyasi karyerama necə ağır zərbə vurulub. Mənim şəxsiyyətimə, mənəviyyatıma necə zərbə vurulub. Buna görə mən 8 ildir ki, özümə gələ bilmirəm. M.Ş. - Yaqub müəllim Şuşa və Xankəndi arasındakı yolun minalanması prosesi mənim yadımdadır. ANS-in çəkiliş qrupu həmin prosesi lentə almışdı. Sonradan belə bir müəmmalı məsələ ortalığa çıxdı ki, ATƏT-in danışıqlarda iştirak edən qrupu Şuşaya nümayəndə heyəti göndərəcəkdi. Sözün düzü, bundan sonrası daha müəmmalı məsələlər ortaya çıxdı. Sonaradan Yaqub Məmmədovun Qarabağdakı səlahiyyətli nümayəndəsi vəzifəsini icra edən Əlisahib Orucovla mənimlə söhbətimdə belə bir fakt ortaya çıxdı ki, yolların minasızlaşdırılması prosesi məhz həmin məsələyə görə baş verib. Hər halda ali baş komandan kimi Yaqub müəllim siz yaxşı xatırlamalısınız. Doğurdanmı, Şuşa ilə Xankəndi arasındakı yolun minalardan təmizlənməsinə siz göstəriş vermisiniz, yoxsa bu Rəhim Qazıyevin təkbaşına verdiyi göstərişdir ki, bu yolla danışıqlarda iştirak edən nümayəndə heyəti Şuşadan Xankəndinə, Xankəndindən isə Şuşaya sərbəst gedəcək? Y. M Ümumiyyətlə, aparılan istintaq prosesində belə aydınlaşıb ki, burada mənə aid heç bir şey olmayıb. Mən belə bir göstəriş verməmişəm. Ümumiyyətlə, nümayəndə heyətindən xəbərsiz olmuşam. Mən hesab edirəm ki, belə bir nümayəndə heyəti nə Azərbaycana gəlib, nə dəki belə bir nümayəndə heyəti ümumiyyətlə olmayıb. Bu bir bəhanədir. Xəyanət elə yolların minasızlaşdırılmasından başlanır. Nizami Bəhmənov: May ayının 7-i saat 16:00-da Şahin Musayev Elbrus Orucova (briqada komandiri red. ) zəng vuraraq göstəriş verib, bildirib ki, mayın 8-də ATƏT-in nümayəndə heyəti və Qırmızı Xaç Cəmiyyətinin üzvləri Şuşaya gəlirlər, onları yüksək səviyyədə qarşılamaq lazımdır. Şahin Musayev tələb edib ki, həmin gün Şuşada nə bir hərbi texnika, nə də bir əsgər gözə dəyməlidir. Rəhim Qazıyev Elbrus Orucova bildirib ki, əmri yerinə yetirməsə, hərbi tribunala veriləcək. Y.M. İtaliyanın xarici işlər naziri o vaxt ATƏT-in Misk qrupunun rəhbəri idi. May ayının 7-də o, İranda idi. Mən onunla mayın 7-də İranda görüşmüşəm. O, həmin vaxt Şuşaya necə gələ bilərdi? N. B. Bizə bu cür demişdilər. Y. M. Deyiblərsə, elə xəyanət də oradan başlayıb. Mən istəyirəm bunu da hamı bilsin. Məhkəmə prosesində Elbrus Orucovu nə qədər sorğu suala tutsalar da, o bu əmri ona kimin verdiyini demədi. N. B. Mən çox üzr istəyirəm. Bu çox vacib məsələdir. Şuşanın taleyi həmin əmrlə bağlıdır. Məhkəmə prosesində Elbrus Orucov həmin faktı tam etiraf etdi. Şahin Musayev tərəfindən həmin əmrin verildiyi Rəhim Qazıyev tərəfindən də təsdiq olundu. Mayın 8-də axşam saat 21:00-da şəhəri tərk etdik. Mən saat 18:15 radələrində Yaqub Məmmədovla danışmışdım. O, mənə bildirmişdi ki, mənə 2-ci Xocalı faciəsi lazım deyil. Y. M. Mənə telefon danışığı zamanı Nizamı Bəhmənov bildirdi ki, Şuşa şəhəri artıq əldən gedib. Şəhərin müdafiəsi təşkil edilməyib. Şuşada qocalar, əlsiz-ayaqsız insanlar və bankda bir qədər pul qalıb... M. Ş.- Bir qədər deyəndə nə qədər? Y. M. Təqribən 14 – 15 milyon pul olardı. Bundan başqa Nizami Bəhmənov mənə bildirdi ki, kilsədə silah var. Mən isə dedim ki, mənə Xocalı faciəsinin təkrarlanması lazım deyil. Əgər Şuşanın müdafiəsini təmin etmək iqtidarında deyilsinizsə, əhalini təcili çıxarın. Pulu keçirin qonşu rayonların bankına, silah-sursatı isə partladın. Mənim göstərişlərim bu cür olub. N. B. Mən sizə bir faktı da xatırladım. Həmin gün Şuşa şəhəri döyüşsüz təhvil verilməyib. Həmin gün döyüşlərdə 480 nəfər itki vermişik. Ermənilər isə həmin gün 1600 itki veriblər. Bu rəqəmlər tək Şuşa və Kosalar döyüşünə aiddir. Amma kaş bizdən 16 min itki olardı, amma torpaqlar əlimizdə qalardı. Mir Şahin: Mənə elə gəlir ki, Şuşanın verilməsində günahkar sənsən, Yaqub müəllimdir. Fəxrəddindir. Səttar Bəhlulzadədir, Toğrul Nərimanbəyovdur, Fidan Qasımovadır, Mir Şahindir, operatordur. Mənə ələ gəlir ki, Şuşa nə qədər ki, yuxarıda idi. Yəni nə qədər ki, alınmamışdı, hamımız yuxarıda, ucada idik. Nə qədər ki, Şuşa yuxarıdan aşağı salındı biz hamımız alçaldıq, alçaqlaşdıq . Vəssalam. |
|
Всього коментарів: 0 | |