Головна » 2011 » May » 9 » Bu gün Qələbə günüdür
12:45
Bu gün Qələbə günüdür


Azərbaycanda faşizm üzərində qələbənin 66-ci ildönümü qeyd edilir.

İkinci Dünya müharibəsində faşizm üzərində Qələbədən 66 il keçir. 1939-cu il sentyabrın 1-də Faşist Almaniyası Polşanı işğal edib. Bununla da bəşəriyyət tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başlayıb. 1941-ci il iyunun 22-də isə Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib. Müharibə 1945-ci il mayın 9-da - Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ bayrağının sancılması ilə başa çatıb.

Bəşər tarixində ən dəhşətli müharibəsində qələbənin əldə olunmasına Azərbaycan xalqı da böyük töhfələr verib. Bu qanlı müharibədə Azərbaycan xalqı 700 min oğul və qızını cəbhəyə yola salıb, onların təxminən yarısı döyüşlərdə həlak olub. Qanlı-qadalı döyüşlərdə göstərdikləri igidliyə görə ölkəmizin 130-dan çox vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.

Azərbaycanda təşkil olunmuş diviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılmış 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyalar döyüşlərdə misilsiz igidlik və şücaət göstərərək, adlarını tarixin səhifələrinə qızıl hərflərlə yazıblar.

Xalqımız arxa cəbhədə də misilsiz əmək hünərləri göstərib, ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz fədakarlıqla çalışıb. 1941-ci ildə Azərbaycan tarixində ən çox - 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edib. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər. İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi. Əgər Azərbaycan nefti olmasaydı, sovet-alman cəbhəsində hərbi əməliyyatların nə ilə nəticələnəcəyini demək çətin olardı. Bütün bunlara görə İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəslə əsl vətənpərvərlik nümunəsi olacaq.

Faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kimi qeyd olunur.
Переглядів: 585 | Додав: NicatKNN | Рейтинг: 0.0/0
Всього коментарів: 0
Додавати коментарі можуть лише зареєстровані користувачі.
[ Реєстрація | Вхід ]