Головна » 2011 » Aprel » 2 » Livandan Sonra Azərbaycan???
22:19
Livandan Sonra Azərbaycan???
                                          
 
Daxili İşlər Nazirliyi (DİN) və Respublika Prokurorluğu İctimai Palatanın bu gün Bakının mərkəzində keçirdiyi aksiya ilə bağlı birgə məlumat açıqlayıb. DİN-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, özünü İctimai Palata adlandıran quruma daxil olan ayrı-ayrı radikal müxalifət partiyaları və təşkilatlar aprelin 2-də N. Nərimanov adına kinoteatrın qarşısında mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Müraciətə baxılaraq "Sərbəst toplaşmaq azadlığı haqqında” qanununun 7-ci maddəsinin I hissəsinə əsasən ictimai mənafelərin qorunması, ictimai asayişin pozulmasının qarşısının alınması, iğtişaş və cinayətlərin baş verməməsi, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə aksiyanın paytaxtın mərkəzi hissəsində keçirilməsi onun yerinin dəyişdirilməsi formasında məhdudlaşdırılaraq Səbail rayonunun Bibiheybət qəsəbəsindəki stadion təklif olunub.

Bu barədə müraciətin müəlliflərinə rəsmi məlumat verilib, habelə müəyyən edilməmiş yerlərdə keçiriləcək mitinqin qarşısının alınacağı və baş verə biləcək ictimai qayda pozuntusuna görə məsuliyyət daşıyacaqları barədə Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyalarının rəhbərləri - Əli Kərimli və İsa Qəmbər Bakı Şəhər Baş Polis İdarəsi və Prokurorluğu tərəfindən rəsmi xəbərdar olunublar. Buna baxmayaraq, aksiyanın təşkilatçıları aprelin 2-də saat 14.00-dan başlayaraq ümumi sayı təxminən 3500 nəfərədək olan bir neçə qrupla müxtəlif istiqamətlərdən paytaxtın "Fəvvarələr” meydanına daxil olmağa cəhd göstəriblər.

Məlumatda qeyd olunub ki, ictimai qaydanın pozulmasına yönələn hərəkətlərin dayandırılması barədə polis tərəfindən dəfələrlə xəbərdarlıq edilsə də, radikal müxalifətin nümayəndələri bu tələbi yerinə yetirməyərək ictimai təhlükəsizlik əleyhinə olan əməllər törədiblər. Bu hüquqazidd hərəkətlər zamanı "Fəvvarələr” meydanında və ona yaxın ərazilərdə yerləşən bir sıra müəssisə, idarə və təşkilatların, ticarət və iaşə obyektlərinin, şəhər nəqliyyatının normal fəaliyyəti, əhalinin dincliyi, hüquq və azadlıqları, bütövlükdə ictimai qayda kobud surətdə pozulub.

Bildirilib ki, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən belə aqressiv və qərəzli hərəkətlər nəticəsində fiziki və hüquqi şəxslərə, o cümlədən polisə məxsus 25-ə yaxın avtomobilə ziyan vurulub, 17 mağazanın, 1 bank müəssisəsinin şüşələri və 1 bankomat qurğusu sındırılıb. Xidməti vəzifələrini yerinə yetirən polisin qanunsuzluqlara son qoyulması barədə təkrarən səsləndirdiyi xəbərdarlıqlara və tələblərə məhəl qoyulmayaraq onlara qarşı zor tətbiq edilməklə müqavimət göstərilib, nəticədə 13 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarəti yetirilib.

Asayişi mühafizə qüvvələrinin gördüyü qətiyyətli tədbirlərlə ictimai qaydanı pozan hərəkətlərin genişlənməsinin qarşısı alınıb, bu cinayətin təşkilatçıları və fəal iştirakçıları da daxil olmaqla şübhəli şəxs qismində 5 nəfər saxlanılıb. Həmçinin, ictimai qaydanı pozan hərəkətlərə yol vermiş daha 70 nəfər barəsində ərazi poils orqanları və məhkəmələr tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati tənbeh tədbirləri tətbiq edilib.

Fakt üzrə Bakı şəhər Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılıb. İstintaqın tam və hərtərəfli aparılması üçün prokurorluq və polis orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Переглядів: 453 | Додав: NicatKNN | Рейтинг: 0.0/0
Всього коментарів: 0
Додавати коментарі можуть лише зареєстровані користувачі.
[ Реєстрація | Вхід ]