16:14 Azərbaycanda toyda kütləvi dava düşüb, ölən var |
Qız və oğlan evlərinin adamları arasında dava yeməyin gecikdirilməsi kimi utandırıcı səbəbdən başlayıb Daxili İşlər Nazirliyi Şirvan şəhərindəki şadlıq sarayında toy məclisində baş verən dava ilə bağlı rəsmi məlumat yayıb. Məlumatda bildirilir ki, oktyabrın 4-də saat 22.00 radələrində Şirvan şəhərindəki "Sərvət" şadlıq sarayında, Sabirabad rayonunun Həşimxanlı kənd sakini Mais Fərziyevin keçirdiyi toy məclisində iştirak edənlər arasında münaqişə baş verib. Nəticədə Şirvan şəhər sakini Şahin Səmədov infarktdan ölüb, digər iştirakçı Sabirabad rayon sakini Nicat Qafarov isə üz nahiyəsindən kəsilmiş xəsarətlə xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir. *** 04:09 Şirvanda toyda baş verən kütləvi davada bir nəfər ölüb, bir nəfər isə ciddi xəsarət alıb. APA-ya Şirvan şəhər prokurorluğundan verilən məlumata görə, hadisə oktyabrın 4-də saat 22 radələrində, Şirvan şəhərində fəaliyyət göstərən "Sərvət” şadlıq sarayında baş verib. Kütləvi dava zamanı Şirvan sakini, 1968-ci il təvəllüdlü Səmədov Şahin Əmirxan oğlu aranı sakitləşdirən zaman ürək tutmasından dünyasını dəyişib. Digər şəxs Sabirabad rayonu Həşimxanlı kənd sakini 1990-cı il təvəllüdlü Qafarov Nicat Mahir oğlu isə sifətindən və qolundan kəsici alətlə, çoxsaylı dərin yaralar alıb və Şirvan şəhər xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Şahidlər davanın qız evinin adamları ilə oğlan evinin nəzarətçisi arasında yeməyin gecikdirilməsi səbəbindən baş verdiyini bildirirlər. Yaralının atası Mahir Qafarov isə bildirir ki, dava zamanı tərəflər bir-birinə stullar və butulka sınıqları atıblar, davanın əsas iştirakçısı və onun oğluna xəsarət yetirən şəxs dünyasını dəyişən şəxsin qardaşı Rəsul Səmədov olub. Kütləvi dava zamanı şadlıq sarayına böyük ziyan dəyib. Belə ki, şadlıq sarayına məxsus qablar sındırılıb, kompyuter sıradan çıxarılıb və digər maddi ziyan dəyib. Hadisə ilə əlaqədar bir neçə nəfər Şirvan polisi tərəfindən saxlanılıb. Faktla bağlı Şirvan şəhər prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. |
|
Всього коментарів: 0 | |