Головна » 2011 » Aprel » 28 » Anar Məmmədxanov: “Vaxtında getmək ən əsas məsələlərdən biridir”
13:50
Anar Məmmədxanov: “Vaxtında getmək ən əsas məsələlərdən biridir”


"Nə etsəm də, mən azərbaycanlıların yaddaşında Anar Məmmədxanov "Parni iz Baku” komandasının kapitanı kimi qalacam"

sabiq millət vəkili, "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı Anar Məmmədxanovun ANS TV-yə verdiyi son müsahibəsini təqdim edir. Bu bəlkə də onun kütləvi informasiya vasitələrinə sonuncu müsahibəsi idi. Müsahibə mayın 10-da efirə getməli olsa da, Anar Məmmədxanovun vaxtsız ölümü bütün planları dəyişdirdi. O özü də bu müsahibənin efirə getməsini səbirsizliklə gözləyirdi...

"Bakılı oğlanlar” Şən və Hazırcavablar Komandası (KVN) necə yarandı?
-1985-ci ildə mən 9-cu sinifdə oxuyurdum. O vaxt yenidənqurma işləri başlayanda KVN təzə bərpa olunurdu. Məktəbdə yumor gecəsi keçirirdik. Yadımdadır ki, böyük bir tamaşa idi. Məktəbimizdə də bir rəsmxət müəllimi vardı, Mixail Dovudovs. O vaxtında Yuliy Qusmanın (Şən və Hazırcavablar Klubu münsiflər heyətinin üzvü red.) komandasının üzvü idi. Mənə yaxınlaşdı və dedi ki, "189 nömrəli məktəb KVN-də yarışmaq üçün bizə "vızov” atıb. Sən KVN-də oynamaq istəyirsən?”. Mən dedim, "hə”. Amma onda KVN-in nə olduğunu bilmirdim. Və biz birinci oyunu keçirtdik.

1987-ci ilin yanvarında, 160 saylı məktəbdə oxuduğum vaxt, onu da deyim ki, Qusmanın komandası da 160 saylı məktəbdə ən əsas qrup idi. Bizim ”Bakılı oğlanlar” Şən və Hazırcavablar komandasının üzvləri də 160 saylı məktəbdən idilər. Birinci dəfə mən Qusmanla 10-cu sinifdə oxuyarkən tanış oldum. Biz 23 nömrəli məktəblə KVN yarışması keçirəndə o bizə kömək edirdi. Sonra mən universitetə daxil oldum. O zaman Bakıda yeni çempionatın keçirilməsi təyin olundu. 4 universitetin komandası iştirak edirdi. 1987-ci ilin dekabrında birinci təqdimetmə mərasimi keçirildi. Biz birinci oyunu 1988-ci ilin may ayında o vaxtkı Politexnik İnstitutu ilə (indiki Azərbaycan Texniki Universiteti red.) keçirtdik. Ondan sonra 4 komandanın əsasında 1988-ci ildə "Bakılı oğlanlar” yaradıldı.

Komandanın ilk üzvləri kim idi?
-Anar Məmmədxanov, Ənvər Mansurov, Samir Abdullayev, Rauf Əsgərov, Aleksandr Blank, ilk komandanın dirketoru Leonid Robinoviç, Allah ona rəhmət eləsin, "Politex” komandanın kapitanı Fariz Cəsimov, Allah ona da rəhmət etsin. Çox təəssüflə deyirəm ki, 2 nəfər gənc yaşlarında dünyalarını dəyişib. Biz 1989-cu ildə Moskvaya getmək üçün çalışmağa başladıq. Buna görə ərizə də yazdıq. Mən 1 aylıq Moskvaya getdim. O vaxt siyasi büronun üzvü Liqaçovla da telefonla danışırdım. Çünki mərkəzi televiziya bizi buraxmırdı. Deyirdilər ki, Ermənistanda belə komanda yoxdur, siz çıxacaqsınız ekrana, bir söz deyəcəksiniz, mitinqlər başlayacaq. Nə qədər çalışdıq, alınmadı. Axırda kompromis variant tapdılar ki, bir klip çəkin. Biz klipi də çəkdik. Yadımdadır, bunun üstündə 2 həftədən çox çalışdıq. Moskvadan rejissor da tutduq. Mən biclik etdim. Əgər biz formatı bilmiriksə, rejissoru da, müəllifləri də sizdən götürürük deyə, rejissoru Moskvadan tutdum. İki həftədən sonra klip hazır oldu, amma onu da göstərmədilər. Sonra 1990-cı il gəldi, yanvar hadisələri. Təbii ki biz orada çıxış etmədik. Həmin illərdə yalnız özüm gedib başqa komandalara müəllif kimi köməklik edirdim. İstəyirdim ki, özümü formada saxlayım. Çoxlu əngəllərə baxmayaraq, 1991-ci il aprelin 1-də "Bakılı oğlanlar” komandası çıxış etdi. Onda bəxtimiz gətirdi ki, Ermənistanda da bir komanda yaradıldı. 8 dəqiqəlik salamlama çıxışı etdik. Yuxarıda adlarını çəkdiyim ilk komanda üzvləri "anons” çıxışlarını etdi. Biz fəaliyyətə belə başladıq.

Ondan sonra KVN tarixində ən yaxşı festival keçirtdik. Artıq o dövrdən 20 il keçib, amma bu günə qədər həmin festival haqqında əfsanələr gəzir. Həmin festivalın adı "Bakinskiye kanikulı KVN” idi. Burada 9 ən məşhur komanda iştirak edirdi. Sumqayıt da daxil olaraq, bütün institut komandaları çıxış edirdi. Festivalın yekunu olaraq böyük qala konsert keçirildi. Bura Aleksanr Maslikovun (Beynəlxalq Şən və Hazırcavabları İttifaqının prezidenti red.) şəxsən özü təşrif buyurdu. Yadımdadır, çox gözəl məqamlardan biri də, Qusmanın komandasının qocaman üzvlərinin səhnəyə çıxaraq bizə bayraq vermələri idi. Yəni, artıq yol sizindir. Biz də həmin bayrağı əlimizdə möhkəm saxladıq.

Sonradan elə bir komanda yaranmadı ki, həmin bayrağı verəsiniz?
-Çoxları deyir ki, sonradan niya komandalar yaranmadı. Bilirsiniz, insana musiqi alətində ifa etməyi, yazmağı, oxumağı öyrətmək olar. Amma zarafat etməyi öyrətmək olmur. Bu, Allah vergisidir. Əgər insanda yumor hissi yoxdursa, ona nə öyrətmək olar? Biz "Bakılı oğlanlar 3” yaratdıq. Hətta onlar efirə də çıxdılar. Amma onlar çempionatda uduzdular. Baxmayaraq ki, bizim müəlliflər onlara kömək edirdi. Hətta Murad Dadaşov onların kapitanı oldu. Sonra "Oqni Baku” yaradıldı. Onlarda da alınmadı. Mən özüm nə qədər insanları yığdım, onlara kömək etdim. İki il bundan əvvəl cavan uşaqlar yığıldı, gəldi, komanda yaradıldı. Onlar məndən xahiş etdilər. Mən onları övladlarım kimi qəbul etdim. Mən Moslikova zəng etdim. Ondan xahiş etdim. Dedim ki, mən təminat verirəm, onlara kömək edəcəyəm. İcazə alındı, onlar Kiyevdə çıxış etdilər. Orada da uduzdular. Alınmadı.

Yəni bu da tarixi bir proses idi. Biz çıxış edəndə anlayırdıq ki, bizə Qırğızıstandan Estoniyaya qədər baxan var. Onlar bizi anlamalıdırlar. Bu məhəllə səviyyəsində deyil. Yəni, məni tək Bakı anlasın və gülsün. Anlayırdıq ki, bizə milyonlarla tamaşaçı baxır.

Yadımdadır, ilk başlayanda bizə kömək edən olmayıb. Yalnız yüksək nəticə qazanandan sonra bizə hansısa köməklik edildi. Ondan qabaq mənə valideynlərim kömək edirdi. Moskvaya gedəndə onlar mənə pul verirdi. İndi insanlar elə bilirlər ki, bu, halva-çörəkdir. Onların fikirləri yalnız KVN-də çıxış edib, pul qazanmaqdır. Asan pul qazanmaq yolunu axtarırlar.

Belə baxanda, "Bakılı oğlanlar” komandasının üzvləri çox tanınmış, ziyalı ailələrdən çıxmışdılar. Gəlin nəticəyə baxaq: Timur bu gün Rusiyada ən məşhur prodüsserlərdən biridir. Elçin Əzizov birinci azərbaycanlıdır ki, Moskvanın "Böyük teatr”ındadır. Murad Dadaşov da bu gün cəmiyyətin ən aparıcı nümayəndəsidir. Düzdür, bəziləri KVN yolu ilə gedir. Amma artıq KVN tarixdir. Yeni bir şey etmək lazımdır.

Yadımdadır, siz qalib gələndən sonra Moslikovun sözləri belə idi: "Onlara yaxşı baxın, sonra onları hansısa müxtəlif sahələrdə görəcəksiniz”. O sözdən sonra biz gözləyirdik ki, görəsən onları harada görəcəyik?
-Bu həyatda mən nə etsəm, nə qədər uğurum olsa, əslində uğurlarım da çox olub, yenə də məni KVN ilə tanıyıblar. Anar-KVN, KVN-Anar. Düşünürəm ki, əgər mən Şuşada bayrağı taxsam, bəlkə deyəcəklər ki, bayrağı Şuşaya asan Anar.

Mənə hansısa bir siyasi opponentlik edəndə məni qıcıqlandırmaq istəyəndə "Getsin KVN-lə məşğul olsun və s.” ki mi atmacalar atırdılar. Yadımdadır, bir dəfə dəyirmi masa idi. Bir politoloq var, o mənə dedi: "Veselıy i naxodçivıy prişel”. Mən də ona dedim ki, "Luçşe bıt veselım i naxodçivım, çem zlım i tupım”. Çünki, KVN-in şüarı "Veselıe i naxodçivıe"nin əksi "zloy i tupoy”dur, yəni, "şən və hazırcavab", "hirsli və axmaq”.

KVN mənim üçün əlaqələr açıb. Nə qədər insanları tanıdım. Bilirəm ki, hara getsəm, təbii rusdilli məkanda, desəm ki, "mən "Parni iz Baku”nun kaitanıyam”, hörmət edəcəklər. Yadımdadır, 2006-cı ildə KVN-in 45 illiyində iştirak etdik. Orada iştirak edən yeni nəsil KVN-çilər bizə çox hörmət etdilər. "Xaç atası” filmindəki kimi, az qalırdılar əlimizi öpsünlər.

Yəni, "Bakılı oğlanlar” artıq əfsanədir. Bilirsiniz, insan gərək zirvədən özü getsin. Vaxtında gəlmək və vaxtında getmək ən əsas məsələlərdən biridir. Biznesdə, şou-biznesdə, siyasətdə, mədəniyyətdə həm vaxtında gəlmək, həm də vaxtında getmək lazımdır. Artıq KVN-də məqsəd qalmayıb. Bütün nəticələrə yüksəlmişik. Buna görə də biz vidalaşdıq. 2001-ci ildə sonuncu konsertimizdə "Parni iz Baku” kişi kimi gəldi, çıxış etdi və tamaşaçılarla sağollaşdı. Bəziləri sonra istədilər, istəmədilər, bunun bizə, "Parni iz Baku”ya heç bir dəxli yoxdur. "Parni iz Baku” 2001-ci ildə öz tamaşaçısı ilə vidalaşdı. Bu günə qədər bizim rekordumuza heç kim çatmayıb. 6 anşlaq konsert və Heydər Əliyevin 7 tamaşamızda iştirakı. Nə Rəşid Behbudovun, nə Zeynab Xanlarovanın, nə Müslüm Maqomayevin, nə də başqalarının solo konsertində Heydər Əliyev 7 dəfə iştirak etməyib.

Yeri gəlmişkən, heç bir komanda prezidenti parodiya etmək kimi böyük məsuliyyəti öz üzərinə götürə bilməzdi.
-Bəli. 2000-ci ildə Əsrin Çempionu Kuboku uğrunda Odessada qalib gəldik. O vaxt 30 yaşım vardı, çıxışımda tamaşaçılara bildirdim ki, "biz ermənilərlə finalda çıxış edəcəyik. Mən sizə söz verirəm ki, biz qalib gələcəyik”. Sonra Heydər Əliyev yaxınlaşdı, (Heydə Əliyevin səsi ilə...) "İndi sən söz verdin, gərək bu sözün üstündə durasan. Gərək qalib gələsən” dedi.

O vaxt biz çox güclü rəqiblərlə mübarizə apardıq. Erməni, Mahaçqala, Xarkov, Minsk kimi güclü komandalarla mübarizə apardıq. Onlar müxtəlif vaxtlarda çempion olan komandalar idi. Onların öz tamaşaçıları, məşhurluğu, populyarlığı vardı. Çox güclü komandalar idi. Bilirsiniz, çoxları mənə inanmır. Orada çoxlu siyasi məsələlər vardı. Hələ vaxtı çatmayıb, amma mən onu nə vaxtsa deyəcəyəm. Ya kitabda. Ya sənədli filmdə onu deyəcəyəm. Ondan qabaq hansı hadisələr baş verirdi, necə ki, Xarici İşlər Nazirliyi, Kreml, Ermənistanın prezidenti və s.

"Parni iz Baku” komandasının uğurlarının əsas səbəblərini saya bilərsiniz?
-Bir çox səbəblər vardı. Əsas vətənə sevgi. Bu pafoslu söz deyil. Özü də vətənə dəlicəsinə sevgi. 1992-ci ildə müharibə gedirdi. Bu səbəbdən ermənilər də, biz də KVN-də iştirak etmədik. Kremldə birbaşa göstəriş verildi ki, müharibə gedir, oyun olmamalıdır. 1993-cü ildə ermənilər Amerikaya konsert verməyə getdilər. Biz isə Vahid Naxışla (ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev red.) Qarabağa çıxış etməyə getdik. Nə etsəm də, mən azərbaycanlıların yaddaşında Anar Məmmədxanov "Parni iz Baku” komandasının kapitanı kimi qalacam.
Переглядів: 697 | Додав: NicatKNN | Рейтинг: 5.0/1
Всього коментарів: 0
Додавати коментарі можуть лише зареєстровані користувачі.
[ Реєстрація | Вхід ]