19:19 Anar Məmmədxanov vəfat edib. |
41 yaşında vəfat edən sabiq millət vəkili Anar Məmmədxanov "Qurd qapısı” yaxınlığındakı qəbiristanlıqda dəfn edildi. ANS PRESS-in məlumatına görə, Anar Məmmədxanov saat 15:40 radələrində torpağa tapşırılıb. Dəfn mərasimində mərhumun yaxınları ilə yanaşı, onun sənət yoldaşları, bir çox tanınmış ziyalılar, millət vəkilləri iştirak edib. Mərhumun cənazəsini Cabir İmanov, Tahir İmanov, Bəhram Bağırzadə və Murad Dadaşov çiyinləri üstündə götürmüşdülər. Anar Məmmədxanovun dəfn məclisində iştirak edən əməkdar incəsənət xadimi Baba Vəziroğlu ANS PRESS-ə açıqlamasında çox kədərləndiyini bildirdi və mərhumun yaxınlarına başsağlığı verdi: "Anar Məmmədxanov mənim həm dostum, həm də qonşum idi. Tez-tez görüşdüyüm, dərdləşdiyim gözəl dost idi. Bizi Rüstəm İbrahimbəyov tanış etmişdi. Onunla həm yaradıcılıq, həm də qeyri-rəsmi məclislərdə görüşürdük. Anar Məmmədxanov həmişə həyat eşqilə dolu, yeyib-içən, optimist bir insan, gözəl ailə başçısı idi. Anar heç vaxt səhhətindən və həyatından şikayət etməzdi. Şikayəti ancaq dostlarla gec-gec görüşməkdən, xalqımızın dərd-sərindən, acısından, itirilən torpaqlardan idi”. Millət vəkili Fuad Muradov ANS PRESS-ə açıqlamasında Anar Məmmədxanovun Azərbaycan xalqı üçün böyük itki olduğunu qeyd etdi: "Anar Məmmədxanov Azərbaycan üçün, xalq üçün böyük itikidir. Biz onunla birlikdə 5 il müddətində parlamentdə birlikdə olmuşuq. Hesab edirəm ki, həmişə çox müxtəlif orijinal yanaşması ilə seçilib. Allah ona rəhmət eləsin, ailəsinə səbr versin”. Xatırladaq ki, "Bakılı oğlanlar” Şən və Hazırcavablar komandasının keçmiş kapitanı, sabiq millət vəkili Anar Məmmədxanov dünən 41 yaşında vəfat edib. Onun halı qəflətən pisləşib və o, bir saat içində keçinib. Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Şakir Musayevin verdiyi məlumata görə, ölümün səbəbi kəskin ürək qan-damar çatışmazlığı, ürəyin işemik xəstəliyi olub. Məmmədxanov Anar Camal oğlu 1970-ci il iyulun 20-də Bakı şəhərində anadan olub. Bakının 160 nömrəli məktəbini, daha sonra Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olub. Avrasiya Radio və Televiziya Akademiyasının üzvü idi. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı idi. Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdu. Allah Rəhmət eləsin. |
|
Всього коментарів: 0 | |