Головна » 2011 » Aprel » 30 » "Hacı Zeynalabdin Tağıyevin günahı nədir?"
00:33
"Hacı Zeynalabdin Tağıyevin günahı nədir?"
                                                                        
 
Azərbaycanlı xeyriyyəçinin abidəsi götürülüb!!!
 
Tərcumeyi hal: Hacı Zeynalabdin Tağıyev 1838-ci ildə Bakıda başmaqçı ailəsində doğulmuşdur. On yaşına çatanda atası onu bənna yanında palçıq daşımağa işə düzəldir. 12 yaşına çatanda o, artıq daş yonurdu. 15 yaşında ikən bənnalıq etməyə başlamışdı. Sonra isə Hacı neft işi ilə məşqul olmağa başlayır. O, işə başlarkən bunun nə dərəcədə risqli olduğunu da bilirdi. Çünki bəzən quyu neft vermir, qoyulan kapitallar batırdı. Nəhayət, Hacının neft quyusu gözlənilmədən fontan vurur. Başmaqçı Tağının oğlu palçıqçı Zeynalabdin milyonçu Tağıyevə çevrilir. Tağıyev həm neftxuda, dəyirman sahibi, fabrikant, böyük balıq sənayeçisi (bütün Kür ətrafı və Xəzər qırağı vətəgələr onun ixtiyarında idi), həm də ticarət və yük gəmilərinin sahibi idi. Hacı Bakı şəhərində əvəzolunmaz arxitekturalara və dizayna malik binalar inşa etdirmişdir. O, indiki Azərbaycan Tarixi Muzeyinin, Elmlər Akademiyasının Rəyasət Heyətinin, Şirniyyat Fabrikinin, Toxuculuq Fabrikinin binalarını tikdirmiş, Bakıya şollar suyunu gətirmişdir.
Hacı Zeynalabdin Tağıyev Rusiyada birinci növbədə öz mesenatlığı və maarifpərvərliyi ilə tanınırdı. O, azərbaycanlı gənclərin xaricdə təhsil alması üçün xeyli kapital xərcləmişdir. Onun maarifpərvər xidmətləri əsasən XX əsrin əvvəllərindən başlamışdır. Həmin dövrdə Ölkənin hər yerində xeyriyyə məqsədi ilə bir sıra cəmiyyətlər yaranırdı. Bu cür cəmiyyətlərin yaradılması, qazet və jurnalların çap edilməsi birinci növbədə Tağıyevin adı ilə bağlı idi. Xeyriyyə məqsədilə yaradılan cəmiyyətlər ya Tağıyevin şəxsi iştirakı və vəsaiti ilə, ya da onun yaxından köməkliyi ilə yaranırdı. İlk xeyriyyə cəmiyyəti 1905-ci ildə yaranmış «Müsəlman xeyriyyə cəmiyyəti» idi. Bundan başqa «Nəşr və maarif», «Nicat» cəmiyyətlərinin yaranmasında da Hacının yaxından köməyi olmuşdur. Lakin Sovet hakimiyyəti yarandıqdan sonra hökumətin ona qarşı qeyri obyektiv mövqeyi nəticəsində Hacının mülkləri əlindən alınır. Nəriman Nərimanovun təkidləri ilə ona müəyyən cüzi güzəştlər edilir. Tağıyev 1924-cü il sentyabırın 1-də, axşam səkkizin yarısında Sovet hökümətinin ona ömrünün axırınadək təhkim etdiyi Mərdəkandakı bağında vəfat etmiş və sentyabırın 4-də dəfn olunmuşdur.
 
Öz dövrünün ən tanınmış xeriyyəçilərindən biri hesab edilən Hacı Zeynalabdin Tağıyev indiki Əhmədli qəsəbəsində toxuculuq kombinatı tikdirmişdi. "Tağıyev kombinatı” kimi tanınan "Zeynalabdin Tağıyev adına Bakı Toxuculuq Birliyi"ndə vaxtikən 7000-dən artıq fəhlə çalışırdı. Onların əksəriyyəti isə qadın idi.

Həmin müəssisənin vəziyyətinin nə yerdə olduğunu öyrənmək üçün əraziyə yollandıq. Bizi gözətçi qadın qarşıladı. Yaşlı qadın kombinata cavabdeh olan şəxsin olmadığını əsasə gətirərək, içəri daxil olmağımıza imkan vermədi. Yalnız sexin qırıq şüşələrindən içərini birtəhər çəkə bildik.

Gözətçi nənə bizə dedi ki, kombinatın adı yalnız sənədlərdə qalıb, amma işləmir və kombinat Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilib: "Toxuculuq kombinatı 1990-cı illərdən işləmir. Özüm burada 36 il işləmişəm, burada işləyə-işləyə 4 baş ailə saxlamışam. Müəssisəmiz əsasən, pambıqdan çit, pamazı, tənzif, boyaq-bəzək çitləri, əyirici sapları istehsal edirdi. Burada 7 min nəfər işləyirdi. Çox yaxşı iş gedirdi, 3 növbə ilə işləyirdik”.

Həmsöhbətimizin sözlərinə görə, Yevlax, Göyçay, Bərdə, Ağdamdan gətirilən pambıqdan hər şey- döşəküzü, pambazı, çit, hərbi mallar, xalat, uşaq paltarları istehsal ediblər. Məhsullar isə Rusiyaya göndərilib: "İndi yadımda deyil, amma hansısa rayondan da lafsan pambıq gətirilirdi, onu da qoşurduq digər pambıqlara, o, parçalara parlaqlıq verirdi”.

Kombinatın gözətçisi deyir ki, yalnız burada hazırlanan hərbi geyimlər ölkədəki hərbi peşə məktəblərinə paylanılırdı: "Özü də bizim mallar keyfiyyətinə görə çox yaxşı idi, təmiz pambıqdan idilər, tələbat da böyük olurdu".

H. Z. Tağıyevin bu xeyir işini heç vaxta unuda bilməyəcəyini deyən həmsöhbətimiz dedi ki, Hacı olduqca yaxşı insan olub: "Müharibə vaxtı Tağıyev qara çörək alıb kombinata gətirirmiş. Sonra dəzgahın yanında dayanıb, çörəyi tikə-tikə bölərək işçilərə paylayırmış. Biz indi də "Quran" oxutduranda onu da unutmuruq, Hacının da adına dua oxutdururuq”.

Qeyd edək ki, Hacı Zeynalabdin Tağıyev adına Toxuculuq Kombinatının yaxınlığında böyük xeyriyyəçinin abidəsi də var idi. Amma xeyli vaxtdır ki, nə müəssisə işləyir, nədəki xeyriyyəçinin abidəsi var. Fürsət düşmüşkən abidə barədə gözətçidən soruşdum, bəlkə bilər deyə ümidləndim. Dedi ki, dəqiq səbəbini bilmir: "Amma deyilənə görə, Şüvəlanda Mir Möhsün Ağanın qəbri olan yerdə H. Z. Tağıyevin şəkli var, elə abidəni də ora qoyublar. Amma yenə deyirəm ki, dəqiq bilmirəm”.

Qeyd edək ki, artıq ötən ildən bu müəssisə özəlləşdirilmək məqsədi ilə dövlət investisiya müsabiqəsinə çıxarılıb. Kombinatın vəziyyətini, elan edilən dövlət müsabiqəsinin nəticələrinin necə olduğunu və ən nəhayət H.Z. Tağıyevin abidəsinin hara yox olduğunu öyrənmək üçün ilk olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etdik. Qurumun İctimai əlaqələr şöbəsinin müdiri Qulu Xəlilov ANS PRESS-ə açıqlamasında bildirdi ki, müəssisə ilə bağlı artıq bir neçə dəfə müsabiqə elan edilib: "Kombinatın bağlanması ilə bağlı bir söz deyə bilmərəm. Amma biz ötən il də, bu il də müsabiqə elan etmişdik, lakin təəssüf olsun ki, heç bir təklif irəli sürülmədi. Ona görə də müsabiqənin nəticəsi haqda heç nə deyə bilmərəm. Tağıyevin abidəsinə gəldikdə isə bu, bizim qurumun səlahiyyətlərinə daxil olan məsələ deyil. Biz hər hansı bir əmlakı satışa çıxaranda bu haqda bütün mətbuata məlumat verir, eləcə də öz internet səhifəmizə məlumat yerləşdiririk".

Xətai rayon İcra Hakimiyyəti başçısının müavini Xeyrulla Hüseynov isə məsələ ilə bağlı ANS PRESS-ə söylədi ki, malik olduğu məlumata görə, kombinat fəaliyyətini tam dayandırmayıb: "Kombinat fəaliyyətini təxminən 70-80% dayandırıb. Orada işləyənlər də var, onların balansında klub və digər daşınmaz əmlak var. Bildiyimə görə, kombinat ləvğ edilməyib".

Ərazidə olan H. Z. Tağıyevin heykəlinin götürülməsinə gəlincə isə Xətai rayon İcra Hakimiyyəti başçısının müavini dedi ki, ola bilər ki, abidənin yenidən qurulması nəzərdə tutulur: "Ola bilər ki, abidə böyüdülsün və ya yeni bir formada işlənib yerinə qoyulsun. Dəqiq bilmirəm, bunu heykəltəraş daha yaxşı bilər”.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyindən abidənin taleyi ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etməyimizi məsləhət bilmişdi.

Toxuculuq kombinatının işləməməsinə gəlincə isə Xeyrulla Hüseynov bildirdi ki, sovet ittifaqı dağılandan sonra fəaliyyətini dayandıran fabrik və kombinatların dayanma səbələri bura da aiddir. Amma o səbəblər nədir bizə deyən olmadı ki, olmadı. Suallarımız cavabsız qalır.

Amma sovet dövrünün ən güclü müəssisələrindən biri hesab edilən bu obyektin nə vaxt iş düşəcəyi hələ məlum deyil. Lakin bizim ölkədə onun işləməsi üçün hər cür şəraitin olduğu isə gün kimi aydındır. Axı niyə biz bütün bunları bağlaya-bağlaya, itirə-itirə gedirik, sonumuz necə olacaq? Bu müəssisənin işləməsi təkcə insanların işlə təmin olunması demək deyil, bununla ölkədə pambıqçılığı inkişaf etdirmək olar.
                                                                    
Və cavabsız qalan bir sual -H. Z. Tağıyevin abidəsi niyə götürülüb?

Переглядів: 1645 | Додав: NicatKNN | Рейтинг: 5.0/1
Всього коментарів: 0
Додавати коментарі можуть лише зареєстровані користувачі.
[ Реєстрація | Вхід ]